az en ru

Salyanda Gənclər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

02.02.2025

“Aztəsərrüfat” MMC şirkətinin Salyanda yerləşən Aqroparkında Gənclər Gününə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib. Tədbirdə “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov, Milli Məclisin deputatı Günay Ağamalı və şirkətin əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində Aqroparkın ərazisinə həmişəyaşıl ağaclar əkilib. Bu təşəbbüs ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və gənclər arasında ekoloji maarifləndirmənin gücləndirilməsi məqsədi daşıyır. Tədbir iştirakçıları ağac əkərək, təbiətə olan qayğının vacibliyini bir daha nümayiş etdiriblər.
“Aztəsərrüfat” MMC -nin direktoru Aydın Dəmirov ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılması, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir deyə bildirib. 

Milli Məclisin deputatı Günay Ağamalı çıxış edərək, Ulu Öndər Heydər Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısını vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi, iqtisadi və elmi sahələrdə fəallığının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Tədbirin davamında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov işlərində fərqlənən gəncləri Gənclər Günü münasibətilə təbrik edib, onlara diplom və hədiyyələr təqdim edib. O, gənclərin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların təşəbbüslərinin hər zaman dəstəkləndiyini bildirib.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər. Ağacəkmə aksiyası gənclər arasında ekoloji şüurun artırılması və təbiətin qorunmasına töhfə vermək məqsədilə müsbət bir addım kimi qiymətləndirilib.