Qış tətili günlərində məktəblilər Salyanda yerləşən Aqroparka ekskursiya ediblər. “Aztəsərrüfat” MMC-nin təşkil etdiyi gəzinti şagirdlərə pambıqçılıq sahəsində gedən prosesləri yaxından izləmək imkanı verib.
Ekskursiya zamanı “Aztəsərrüfat” MMC-nin əməkdaşı Zümrüd Şahova məktəblilərə pambıq sahələri, pambıq emalı zavodu və əkin prosesləri barədə ətraflı məlumat verib. Əvvəlcə məktəblilər pambıq emalı zavodu ilə tanış olublar. Burada onlara pambığın qəbul edilməsi, təmizlənməsi, lif və toxumların ayrılması, keyfiyyət testləri və emal prosesləri əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, pambıq toxumları yağ istehsalında və yenidən pambıq əkini üçün istifadə olunur. Emal nəticəsində alınan liflərdən isə toxuculuq sənayesində parça, tibbi pambıq və kağız məhsulları hazırlanır, pambıq tullantıları isə heyvan yemi və bioyanacaq kimi istifadə edilir.
Daha sonra məktəblilər pambıq sahələrinə baş çəkib, torpağın əkimə necə hazırlandığını öyrəniblər. Onlara torpaq şumlamasının, havalandırılmasının və suyun düzgün paylanmasının pambıq bitkisinin məhsuldarlığına təsiri izah olunub.
Ekskursiya məktəblilərə pambıqçılıq sənayesi və kənd təsərrüfatının vacibliyi barədə dəyərli biliklər qazandırıb. Ölkəmizdə kənd təsərrüfatına marağın artırılması, yeni nəslin bu sahəyə cəlb olunması və onların düzgün istiqamətləndirilməsi gələcəyin inkişafı üçün mühüm amildir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”