az en ru

Bakıda daha bir mötəbər tədbir keçirilib.

23.07.2025

“AzTəsərrüfat” MMC şirkətinin direktoru Aydın Dəmirov Bakı Su Həftəsi Beynəlxalq Konfransında iştirak edib. Tədbirdə çıxış edən Aydın Dəmirov bir sıra önəmli məsələlərə toxunub, eləcə də belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Çıxışı olduğu kimi təqdim edirik:

Ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib-becərilməsinə imkan versə də, torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan, burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Belə ki, yerüstü su ehtiyatlarının 70 faizi respublika hüdudları xaricində, 30 faizi isə ölkənin öz ərazisində formalaşır. Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması bilavasitə su təminatının yaxşılaşdırılması faktlarından asılıdır. Belə ki, qlobal iqlim dəyişikləri davamlı olaraq yağıntının azalmasına və su çatışmazlığına səbəb olur ki, bu da ölkədə kənd təsərrüfatı üçün əsaslı problemlər yaradır.

Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Sahələrə verilən suya ciddi nəzarət etmək, suvarma üsullarını düzgün seçməklə və uyğun aqrotexniki becərmə tədbiri həyata keçirməklə suvarma suyunun torpağa mənfi təsirinin qarşısını almaq olar. Yəni vegetasiya suvarmalarının başlama vaxtını, normalarını və eləcə də arat suvarma normalarını təyin etmək üçün torpağın hesabat qatında nəmliyi çəki üsulu ilə müəyyən etmək lazımdır.

Beləliklə, ictimaiyyətin artım tempi və tərəqqisi su resurslarının inkişafı və ondan səmərəli istifadə edilməsindən çox asılı olacaq. Kənd təsərrüfatı bitkilərindən bol və keyfiyyətli məhsul əldə etmək, onların suya olan tələbatını müəyyən etmək üçün fermerlər torpağın nəmliyini, bitkilərin və meliorasiya-irriqasiya sistemlərinin və becərilən torpaq sahəsinin meliorativ vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlamalı və kompleks aqrotexniki becərmə tədbirlərini bu proseslə uzlaşdırmalıdırlar. Ümummilli liderin ölkənin meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki siyasəti, tövsiyələri və ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu il 25 mayda Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu il 29 apreldə Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 2011-ci il 15 avqustda Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimində iştirak etməsi, 2014-cü il noyabrın 15-də su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimlərində iştirak etməsi və vaxtaşırı ölkədə icra olunan meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisinin gedişini diqqət mərkəzində saxlaması, habelə bu sahədə digər müvafiq və məqsədyönlü tədbirlərin bu gün də davam etdirilməsi bunun əyani sübutudur.

Dünyanın arid və semiarid regionlarında tədricən dərinləşən və ciddi problemə çevrilmiş şirin su ehtiyatlarının çatışmazlığı bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzləşmişdir. Artıq şirin su problemi qlobal məsələyə çevrilib və onun həlli dünya ölkələrinin birgə səyi ilə mümkündür. Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı problemlər əsasən iqtisadi sahədə aparılacaq islahatlarla daha çox əlaqədardır. Kənd təsərrüfatında əkinçiliyin strukturu su ehtiyatlarına uyğunlaşdırılmalıdır. Daha çox su tələb edən əkin sahələrinin miqdarı stimullaşdırılmamalıdır. Suya az tələbatı olan yeni sortlar əldə etməklə onların sahəsini artırmaq lazımdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan qoşunları tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında saxlanan Azərbaycan ərazilərinin azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlar, bütün sahələrdə olduğu kimi, su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində də dönüş yaradıb. Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su anbarı, Köndələnçaydakı Kaskad su anbarları, Araz çayı üzərindəki Xudafərin su anbarı işğaldan azad olundu. Ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, eləcə də cənab Prezidentin dəfələrlə verdiyi tapşırıqlarda ölkənin su təminatı ilə bağlı mövcud problemlər və onların həlli yolları barədə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Su təminatını yaxşılaşdırmaq üçün yalnız ondan qənaətlə istifadə etmək kifayət deyildir, şirin su ehtiyatlarının artırılması istiqamətində də tədqiqatlar aparılmalı, praktiki işlər görülməlidir. Məhz bu yolla Azərbaycanın su siyasətinin əsas məqsədinə çatmaq, əhali və iqtisadiyyatın bütün sektorlarını tələb olunan həcmdə və beynəlxalq standartlara uyğun keyfiyyətdə su ilə təmin etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Yaşıl, təmiz, sağlam dünya naminə birləşək ki, gələcək nəsillərə ötürəcəyimiz ən böyük xəzinə budur.